en az

Meyvələr kolleksiyası | Samirə & Səma

“Meyvələr” kolleksiyası rəssam Samira Allahverdiyevanın ilkin ideyası əsasında formalaşaraq ənənəvi Azərbaycan xalçaçılığını müasir bədii yanaşma ilə birləşdirir. Rəssamın uşaqlıq xatirələrindən, xalçaçı nənəsinin sənətindən və Azərbaycanın bölgələrində qədim xalçaların üzərində qurudulan meyvələrdən ilhamlanan bu ideya kolleksiyanın bədii əsasını təşkil edir. Samira Allahverdiyevanın əsərlərində xurma və nar motivləri ön plana çıxaraq yaddaş, milli ənənələr və Azərbaycan mədəniyyətinə xas bolluq və bərəkət anlayışlarını ifadə edir. İlkin ideyadan ilhamlanan gənc rəssam Səma Məmmədli isə kolleksiyanı özünəməxsus bədii üslubda inkişaf etdirərək ona yeni vizual istiqamət qazandırıb. Onun kompozisiyalarında nar, alma və limon motivləri müasir rəng palitrası, daha rəngarəng yanaşma və dinamik dizayn həlləri ilə təqdim olunur. Beləliklə, kolleksiyada iki rəssamın fərqli baxışları bir araya gələrək ənənə ilə müasirlik arasında yaradıcı dialoq yaradır.


Yun və ipəkdən hazırlanan xalçalar 3D toxuculuq texnologiyası ilə əl ilə toxunaraq meyvə motivlərinə həcm və relyef effekti qazandırır. Kolleksiyanın hər iki rəssamın əsərləri əsasında hazırlanan xalçaları Azərbaycanın bölgələrində yaşayan Azərxalçanın qadın toxucuları tərəfindən əl ilə toxunub. Bu yanaşma müasir incəsənəti ənənəvi xalçaçılıq sənəti ilə birləşdirməklə yanaşı, milli irsin qorunmasına və qadın toxucuların sənətkarlığının yaşadılmasına töhfə verir.


Sərgidə “Meyvələr” kolleksiyasının yalnız bir hissəsi təqdim olunur.

30.10.2026
10:00 - 19:00
31.10.2026
10:00 - 19:00
01.11.2026
10:00 - 19:00
Azərxalça Xalça Qalereyası