
Bu il 140 illik yubileyini qeyd etdiyimiz dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası, heç şübhəsiz, ən çox sevilən əsərlərimizdən biridir. Səhnəyə qoyulduğu 1913-cü ildən bu günə qədər bir neçə ekran versiyası və müxtəlif ölkələrdə yüzlərlə səhnə quruluşu görmüş bu əsərin yeni interpretasiyası ilə tamaşaçıların diqqətini cəlb etmək o qədər də asan iş deyil.
Əminliklə demək olar ki, Bakı Marionet Teatrı bu çətin işin öhdəsindən uğurla gəlib. Marionet kuklaları bu ölməz əsərə yeni nəfəs verir, Üzeyir bəyin librettosunun incə yumoru isə yeni çalarlara boyanır. Unudulmaz personajlar və detallılıqla hazırlanmış gözəl dekorasiyalar hər kəsi valeh edir. Tamaşa üçün xüsusi hazırlanmış səs yazısı da bu təəssüratı daha da gücləndirir.
Premyerasından artıq 35 il keçən bu möhtəşəm marionet tamaşası dünyanın bir çox ölkələrində uğurla nümayiş olunub və İçərişəhərdə yerləşən Bakı Marionet Teatrının səhnəsində tamaşaçılarını hər zaman gözləyir.