
"Təbiət Danışanda. Varislər"
Bizdən sonraki nəsillər üçün təbii aləmdən geriyə nə qalacaq?
"Təbiət Danışanda. Varislər" layihəsi bəşəriyyət ilə təbiət arasındakı əlaqəni miras anlayışı vasitəsilə araşdırır. Bu sadəcə əldə etdiyimiz bir şey kimi deyil, həm də qayğısına qalmağımız üçün bizə etibar edilmiş bir dəyər kimi təqdim olunur.
Perspektivdə əsaslı bir dəyişiklik mövzusu sərginin mərkəzində yer alır. İnsanlıq təbiət aləmindən ayrı və ya ondan üstün bir varlıq kimi təqdim olunmur. Əksinə, sərgi insan həyatına mürəkkəb ekoloji sistemin bir hissəsi kimi yanaşır. Bu sistemdə hər bir hərəkətin nəticəsi var və həyatın davamlılığı bir-biri ilə sıx bağlı olan, lakin itirilməyə başlayana qədər çox vaxt fərqinə varmadığımız əlaqələrdən asılıdır.
Qafqazın beş simvolik heyvan növü sərgi boyunca əsas istinad nöqtələrindən biri kimi çıxış edir. Onlar sərginin müxtəlif hissələrində canlı varlıqlar, izlər, xatirələr və simvollar kimi qarşımıza çıxır və həssaslıq, davamlılıq, birgəyaşayış və itki ilə bağlı daha geniş sualları ortaya qoyur.
İnstallasiya, heykəltəraşlıq, tekstil, keramika və qarışıq texnika ilə işləyən rəssamların hər biri bu məsələlərə özünəməxsus yanaşır. Şüşə parçalarının arasından ot cücərir. Boş barama yoxluğu və mümkün olanı özündə daşıyan bir qaba çevrilir. Canavarın ulartısı köklərə və mədəni ornamentə çevrilir. Heyvanlar sığınacaq tapmaq məqsədilə ev örtüyünün altında toplaşır; qum saatı yoxoluşu ölçür; şahmat taxtası isə insanın hər bir gedişini ekoloji nəticəyə çevirir.
Digər əsərlər isə bir varlıq artıq yox olduqdan sonra geridə qalanlara diqqət yönəldir. Sökülən parça həm nəsli kəsilmək təhlükəsi altında olan bir heyvanı, həm də onunla bağlı mədəni yaddaşı canlandırır; izlər səth üzərindən tədricən yox olur; bədən isə heyvan təsvirlərini bir növ müdafiə və irsi güc mənbəyi kimi daşıyır. Bütövlükdə bu yanaşmalar, ekologiya qədər yaddaşla da maraqlanan bir sərgi formalaşdırır.
"Varislər" təbiət və mədəniyyəti də ayrılmaz irs formaları kimi nəzərdən keçirir. Heyvanlar və mənzərələr nəsillər boyu hekayələri, simvolları, materialları, mərasimləri və kimlikləri formalaşdırmışdır. Buna görə də, hər hansı bir canlı və ya yaşayış mühiti yox olduqda, itirilən təkcə bioloji varlıq olmur; onunla birlikdə mədəni lüğətin bir hissəsi də yox ola bilər. Bununla belə, sərgi itkini qaçılmaz bir hal kimi təqdim etmir; əksinə, əsərlərdə başqa imkanlar da öz əksini tapır: həssaslıq qayğıya, uyğunlaşma dözümlülüyə, fərqindəlik isə fəaliyyətə təkan verə bilər.
Bütün bunlar bizi özümüzə bir sual verməyə sövq edir: gəlişimizdən xeyli əvvəl formalaşmış dünyanın varisləri olaraq, bizdən sonra necə bir dünya qalacaq?
Hər bir varlıq özündə bir gələcək daşıyır.
Lakin yalnız biri onu qorumağı seçəbilər.
İdeya müəllifi - Leyla Əliyeva
Sərginin kuratoru - Emin Məmmədov