
OTHERWORLDS by Zeyna.Art
Zeynəb Babayevanın fərdi sərgisi
OTHERWORLDS gənc rəssam Zeynəb Babayevanın qeyri-adi dünyasına səyahətə dəvət edir. Burada fantaziya, insan obrazları, heyvanlar və fantastik personajlar birləşərək gündəlik reallığın hüdudlarından kənarda yeni bir aləm yaradır.
Zeynəb qarışıq texnikada yaratdığı unikal heykəllər vasitəsilə parlaq xarakterləri, fantastik varlıqları və gözlənilməz obrazları canlandırır. Hər bir əsərin öz hekayəsi, duyğuları və fərdi xüsusiyyətləri var.
“Bütün qəhrəmanlarım görünüşcə bir-birindən çox fərqlidir. Hər birinin öz xarakteri, duyğuları və hekayəsi var. Lakin bütün fərqlərinə baxmayaraq, onları xüsusi bir bağ birləşdirir — xeyirxahlıq, sevgi, dostluq və olduğumuz kimi qəbul edilmək arzusu.
İnanıram ki, biz də zahirən fərqli ola, fərqli düşünə və müxtəlif arzular qura bilərik, amma yenə də bizi birləşdirən dəyərləri tapa bilərik. Çünki fərqli olmaq gözəldir və bizi daxilən birləşdirən dəyərlər xarici görünüşümüzdən daha vacibdir”.
OTHERWORLDS — təxəyyülün sərhəd tanımadığı, müxtəlifliyin isə gözəlliyin, qarşılıqlı anlaşmanın və birliyin mənbəyinə çevrildiyi bir dünyanı kəşf etməyə dəvətdir.