en az

ENQRAM

YARAT Müasir İncəsənət Məkanı şəxsi kolleksiyalardan seçilmiş, 1950-ci illərdən bu günə qədər Azərbaycan incəsənətini əhatə edən “ENQRAM” sərgisini təqdim edir. Aida Mahmudova və Fərəh Ələkbərlinin kuratorluğu ilə hazırlanan sərgi XX əsr Azərbaycan mədəniyyətini formalaşdırmış və bu gün də ölkənin təsviri sənətinə təsirini davam etdirən bədii və mədəni dəyişikliklərin maddi izlərini bir araya gətirir.

Enqram – yaşanmış təcrübənin yaddaşda qorunub saxlanmasını təmin edən fiziki izdir. Sərgi bu anlayışdan çıxış edərək rəngkarlığı fərdi qavrayışın və tarixi təcrübənin maddi forma aldığı məkan kimi təqdim edir. Azərbaycan incəsənətinin keçid mərhələləri formal həllər vasitəsilə üzə çıxır və irsən ötürülən vizual dillərin necə qorunduğunu, sınağa çəkildiyini və transformasiyaya uğradığını göstərir.

Kolleksiya toplamaq da yaddaşın qorunub saxlanması prosesinin bir hissəsidir. Hər kolleksiya şəxsi bağlılıqlar və seçimlər əsasında yaranır, incəsənət nümunələrinin bədii əhəmiyyətinə dair özünəməxsus təsəvvürü əks etdirir. Əsərləri vahid ekspozisiyada cəmləşdirən “ENQRAM” fərdi baxışları dialoq müstəvisinə çıxarır. Sərgi əsərin öz dövrünün yaddaşının daşıyıcısına çevrilməsi və onunla hər qarşılaşmanın bu yaddaşı necə dəyişdirdiyi barədə düşünməyə dəvət edir.

Ekspozisiyada Səttar Bəhlulzadə, Mahmud Tağıyev, Cavad Mircavadov, Rasim Babayev, Toğrul Cavadov, Ucal Haqverdiyev, Əşrəf Murad, Qorxmaz Əfəndiyev, Fərhad Xəlilov, Altay Sadıqzadə, Müseyib Əmirov, Hüseyn Haqverdiyev, Aida Mahmudova, Niyaz Nəcəfov və Orxan Hüseynovun rəngkarlıq və qrafika əsərləri nümayiş olunur.

30.10.2026
31.10.2026
01.11.2026
Rəngkarlıq Muzeyi