OBYEKTİVDƏN BAXIŞ
Vəhşi təbiətlə üz-üzə
Baxmaq qarşılaşmaqdır, anlamaq qorumaqdır.
“Obyektivdən baxış” sərgisi azərbaycanlı vəhşi təbiət fotoqrafı, videoqraf və tədqiqatçı Saleh Baxşıyevin yaradıcılığını təqdim edir. Onun əsərləri Azərbaycanın milli parklarında, mühafizə olunan təbiət ərazilərində və ucqar guşələrində apardığı uzunillik araşdırma və müşahidələrin nəticəsidir. Uzunmüddətli müşahidələr sayəsində fotoqraf vəhşi heyvanları təbii yaşayış mühitlərində görüntüləyərək geniş ictimaiyyətin nadir hallarda şahid olduğu anları üzə çıxarır.
Onun fotoşəkilləri heyvanlarla onların yaşadıqları ekosistemlər arasındakı qarşılıqlı əlaqələri sənədləşdirərək Azərbaycanın biomüxtəlifliyinə fərqli və təsirli baxış təqdim edir.
Sərgi sadəcə fotoqrafik sənədləşdirmə ilə məhdudlaşmır. O, izləyicini ölkəmizin zəngin təbii irsini kəşf etməyə, canlı aləmin həssaslığı və onun qorunmasında hər birimizin daşıdığı ortaq məsuliyyət haqqında düşünməyə dəvət edir.