Bu il ADA Universiteti dialoqu, yaradıcılığı və beynəlxalq əməkdaşlığı təşviq edən bir sıra incəsənət və mədəniyyət təşəbbüsləri ilə Baku Art Weekend 2026-da iştirak edir.
Universitetin bu çərçivədə təqdim edəcəyi əsas layihələrdən biri Amerika Birləşmiş Ştatlarının Müstəqillik Bəyannaməsinin qəbulunun 250 illiyinə həsr olunmuş WE THE ARTISTS beynəlxalq incəsənət təşəbbüsüdür.
ADA Universiteti, .ART, HUG və Niaqara Universitetinin Castellani İncəsənət Muzeyinin əməkdaşlığı ilə hazırlanan sərgi azadlıq, kimlik, mənsubiyyət və gələcək mövzularını araşdırır.
Sərgidə Niaqara Universitetinin Castellani İncəsənət Muzeyinin kolleksiyasından rəqəmsal əsərlər, beynəlxalq açıq çağırışın iştirakçılarının işləri, eləcə də Rəşad Mehdiyev, Nərminə Nəcəf, İrina Eldarova, Arif Əziz, Vüqar Əli, Anar Yolçuyev, Emin Qasımov, Aliyə Əsədullayeva və digər yerli Azərbaycan rəssamlarının fiziki formatda əsərləri nümayiş etdiriləcək.
Azərbaycanın ilk peşəkar qadın rəngkarı olan Vəcihə Səmədovanın, eləcə də Azərbaycanın tanınmış Xalq rəssamı Elbəy Rzaquliyevin nadir rəngkarlıq əsərlərinin təqdim olunması xüsusi rəmzi məna daşıyır.
Layihə Baku Art Weekend çərçivəsində beynəlxalq səviyyədə təqdim olunaraq Bakıda Amerika ilə bağlı mövzular və müxtəlif beynəlxalq baxışlar arasında bədii dialoq üçün platforma yaradacaq.