Malqojata J. M. Holliqerin əsərlərində qədim dünya zamanın sınağından keçərək bu günə qədər gəlib çatan rəmzlərin, mifoloji obrazların və insanla təbiət arasındakı dərin bağlılığın məkanı kimi canlanır. Sənətkar mürəkkəb kompozisiyalar, zəngin rəng qatları və detallara xüsusi diqqət vasitəsilə tarixi istinadların yeni məna qazandığı, təsirli vizual hekayələr yaradır.
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy.” 2026 çərçivəsində təqdim olunan “Mərhəmət ilahəsi” və “Od məbədi” adlı əsərlər iki güclü qüvvə olan mərhəmətin yaşadan gücü ilə odun dəyişdirici enerjisi arasında bir dialoq qurur.
“Mərhəmət ilahəsi” əsərində heyvanlar, quşlar və ornamental motivlərlə əhatə olunmuş qadın obrazı insan ilə təbiət arasında harmoniyanın təcəssümünə çevrilir. Əsərin kompozisiyası qədim təsvir ənənələrinə və qadınlıq rəmzlərinə əsaslanaraq mərhəməti birləşdirən, qoruyan və birgəyaşayışı mümkün edən qüvvə kimi təqdim edir. Əsər bizi canlı növləri arasındakı sərhədləri aşan qayğı formaları haqqında düşünməyə və həyatın geniş şəbəkəsindəki yerimizi yenidən dərk etməyə dəvət edir.
“Od məbədi” əsərində isə alovların arasından yüksələn parlaq feniks obrazı daha ilkin və təbii bir gücü ön plana çıxarır. Monumental daş tağların arasında yerləşən və parlaq mavi sularla əhatə olunan alovlu quş dramatik qarşıdurmanın mərkəzinə çevrilir. Memarlıq elementləri davamlılığı və varisliyi ifadə edərkən, alovlar enerjini, dəyişikliyi və yenilənmə imkanını simvollaşdırır. Bu elementlər bir araya gələrək odu sadəcə fiziki hadisə olmaqdan çıxarır, onu oyanışın və transformasiyanın rəmzi kimi təqdim edir. Zərdüştlükdə od müqəddəs sayılır və onun çirkləndirilməsinə yol verilmirdi. Əsərdəki ağ halqa həmin sərhədi, eləcə də daxili dünyamızın saflığını qorumaq üçün özümüzün müəyyən etməli olduğumuz şəxsi sərhədləri təmsil edir.
Ab-havasına görə fərqlənsələr də, hər iki rəsm əsəri görünən dünya ilə onun simvolik qatları arasındakı əlaqəyə olan ortaq marağı əks etdirir. Əsərlərdən biri mərhəmətin sakit, lakin güclü təsirini, digəri isə təbiət qüvvələrinin coşqun enerjisini önə çıxarır. Birlikdə bu əsərlər xatırladır ki, yenilənmə həm qayğı göstərmək bacarığından, həm də dəyişmək cəsarətindən başlayır.
Mədəni kimliyi tarixən odla dərindən bağlı olan Bakının kontekstində “Od məbədi” əsəri xüsusi məna və səsləniş qazanır. “Mərhəmət ilahəsi” isə dialoqu genişləndirərək diqqəti insanın təbiətlə və bütün canlı aləmlə münasibətinə yönəldir.
“Müqəddəsliyin əks-sədaları” sərgisi bu iki vizual hekayəni bir araya gətirərək daxili və xarici dünyamızı formalaşdıran qüvvələr üzərində düşünməyə dəvət edir. Qədim təsvirlərin müasir rəngkarlıqla qovuşduğu bu dialoqda Malqojata izləyiciləri müqəddəs rəmzlərin davamlı əhəmiyyətini və müasir dünyanı işıqlandırmaq qabiliyyətini yenidən kəşf etməyə çağırır.