en az

Ovsunlanmış meşə | Kamila Muradova

21 oktyabr – 30 noyabr tarixlərində Nine Senses İncəsənət Mərkəzinin şəhər filialında «Fly to Baku. Art Weekend. Sense the Future NOW» təşəbbüsü çərçivəsində tanınmış rəssam Kamila Muradovanın «Ovsunlanmış meşə» adlı fərdi sərgisi keçiriləcəkdir.

Sərgi təbiət, yaddaş və insan cismaniliyinin qarşılıqlı əlaqəsini araşdıran vizual-fəlsəfi layihədir. Müəllifin ilham mənbəyi Şuşanın qədim tut bağı olmuşdur — burada əsrlərin şahidi olan ağaclar coğrafi mənzərə deyil, nəsillərin yaddaşını və torpağın tarixini qoruyan canlı arxiv kimi çıxış edir.

Layihənin mərkəzində ağacın anatomik morfologiyası dayanır: dərin kök sistemindən başlayaraq gövdə, budaq və çiçəklənmə dövrünə qədər. Kamila Muradova təbii formalarla insan orqanizmi arasında vizual paralellər qurur: qabığın teksturası dərini, budaqlar qan-damar şəbəkəsini, ağacın illik halqaları isə insanın keçirdiyi təcrübə və travmaların izlərini xatırladır.

Layihənin əsas vizual vasitəsi kömürdür. Ağacın od vasitəsilə çevrilməsindən yaranan kömür həm təbiətin yaddaşını daşıyır, həm də onun gücünü və kövrəkliyini ifadə edir. 3 metrlik monumental kağız əsərlər və kətanlar təbiəti sadəcə sənədləşdirmir; onlar tamaşaçını ekoloji məsuliyyət və insanla təbiətin ayrılmaz vəhdəti barədə düşünməyə dəvət edir.

«Sense the Future NOW» konsepti ilə həmahəng səslənən «Ovsunlanmış meşə» sərgisi köklərə və mədəni irsə qayğının gələcəyə doğru ən vacib addım olduğunu vurğulayır.

30.10.2026
31.10.2026
01.11.2026
Nine Senses Art Center, JW Marriott Absheron