
Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi çərçivəsində rəssamla görüş keçiriləcək. Görüş zamanı rəssamın yaradıcılıq prosesi, əsərlərinin arxasında dayanan hekayələr və fəlsəfi düşüncələri ətrafında müzakirələr aparılacaq.
Rəssam üçün “O” hazır cavab deyil. "O", insanın tam izah edə bilmədiyi, lakin bütün həyatı boyu yaxınlaşmağa çalışdığı həqiqətdir. Bu səbəbdən sərgi tamaşaçıya vahid və qəti bir yozum təqdim etmir; hər bir tamaşaçını öz sualı və öz “O”su ilə qarşılaşmağa dəvət edir. Sərginin adı olan “O” eyni zamanda bu axtarışın açıq sonluğunu ifadə edir: “O” kimdir?
Anar Hüseynzadə 1995–1999-cu illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, daha sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb və 2005-ci ildə bakalavr və magistr təhsilini tamamlayıb. 2006-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Rəssamın yaradıcılığı müxtəlif mövzu və obrazlar vasitəsilə insan, yaddaş, mənəvi axtarış və varlıq məsələlərinə müraciət edir. Anar Hüseynzadənin əsərləri Azərbaycanla yanaşı, Böyük Britaniya, Fransa, Almaniya, İsveçrə, Avstriya, Lüksemburq, Norveç, Türkiyə, ABŞ, Kanada və Avstraliya da daxil olmaqla müxtəlif ölkələrdə şəxsi və dövlət kolleksiyalarında yer alır.
Bu görüş rəssamın sənət dünyası ilə daha yaxından tanış olmaq və sərgidəki əsərlərə onun baxışı ilə nəzər salmaq imkanı yaradacaq.
Vacib bildiriş: Tədbirdə iştirak etmək üçün aşağıdakı link vasitəsilə qeydiyyatdan keçin.